Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Mərkəzin fəaliyyəti ilə tanış olub – 2022
2022-ci ilin dekabr ayının 26-27 tarixlərində Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərdə olmuşlar.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati binalar kompleksində olmuşlar. Qonaqlar inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, kriminalistika və istintaq otaqları ilə tanış olmuşlar. Eyni zamanda nümayəndə heyətinə Elm-Tədris Mərkəzinin funksional təyinatı, imkanları və texniki təchizatı barəsində ətraflı məlumatı Mərkəzin rəisi Mübariz Əhmədov və şöbə rəisi Nigar Qələndərli çatdırmışlar.
Bundan sonra, Elm-Tədris Mərkəzinin məşğələ auditoriyasında Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Rəşad Qasımov qonaqların qarşısında türk dilində “Azərbaycan Respublikasının prokurorluğu və məhkəmə sistemi” mövzusunda təqdimatla çıxış etmiş, dinləyicilərin suallarını cavablandırmışdır.
Tədbirin sonunda qardaş Türkiyə dövlətinin nümayəndələri Azərbaycan qonaqpərvərliyindən böyük məmnunluğunu bildirməklə, tərəflər arasında xatirə suvenirlərin və hüquqi nəşrlərin mübadiləsi olmuşdur.