Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin işçiləri Strasburq şəhərində maliyyə cinayətlərinin istintaqı mövzusunda keçirilən təlimdə iştirak etmişlər
Prokurorluq əməkdaşlarının peşə hazırlığının artırılması, bu sahədə müvafiq qabaqcıl təcrübəyə sahib Avropa Şurasının təsisatlarının imkanlarından istifadə edilməsi daim diqqət mərkəzində saxlanılır.
Qeyd edilməlidir ki, Avropa Şurası və Avropa İttifaqı ilə birgə həyata keçirilən Yaxşı İdarəçilik naminə tərəfdaşlıq (PGG II) regional layihəsi çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində cari ilin 7 – 9 noyabr tarixlərində Fransanın Strasburq şəhərində maliyyə istintaqı mövzusuna həsr edilmiş təlim tədbiri keçirilmişdir. Gürcüstan, Ukrayna, Moldova və digər dövlətlərin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev təmsil etmişlər.
Tədbirin ilk günü, 7 noyabr tarixində nümayəndə heyəti Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, dahi sərgərdə cənab İlham Əliyevin qətiyyəti, xalqımızın dəstəyi və müzəffər ordumuzun rəşadətinin təzahürü olan Zəfər günü münasibəti ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyini ziyarət edərək, ölkəmizin daimi nümayəndəsi Fəxrəddin İsmayılovla görüşmüşdür.
Təlim zamanı Avropa Şurası ekspertləri tərəfindən maliyyə istintaqı sahəsində istifadə olunan qabaqcıl metodlar və ən yaxşı təcrübələr, beynəlxalq əməkdaşlıq mexanizmləri və mövcud çağırışlara barədə təqdimatlar keçirilmişdir. Eyni zamanda, dinləyicilər ekspertlər tərəfindən hazırlanmış kazuslara dair praktik məşğələlərdə yaxından iştirak etmişlər. Tədbirin müvafiq sessiyasında Baş Prokurorluğun əməkdaşları tərəfindən bu sahədə həyata keçirilən institusional və funksional islahatlar barədə iştirakçılara məlumat verilmişdir. Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında sual-cavab sessiyası keçirilmiş, aidiyyəti mövzular üzrə səmərələri fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində Baş Prokurorluğun nümayəndələri və Avropa Şurasının İqtisadi cinayətlər və əməkdaşlıq şöbəsinin rəhbəri Mustafa Ferati arasında işgüzar görüş keçirilmiş, prokurorluq işçilərinin peşə hazırlığı sahəsində layihənin açdığı yeni imkanlar və əməkdaşlıq perspektivləri barədə səmərəli fikir mübadiləsi aparılmışdır.