Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Özbəkistan Respublikası Baş Prokurorluğunun Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Prokurorluq orqanlarının mövcud beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində yeni əlaqələrin qurulması hər zaman diqqət mərkəzində saxlanılır.
Baş Prokurorluğun müxtəlif struktur qurumlarını təmsil edən nümayəndə heyətlərinin tərəfdaş ölkələrin prokurorluq və digər hüquq mühafizə orqanlarının fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə xarici ölkələrə səfərləri müsbət iş təcrübəsinin mənimsənilməsi, peşə vərdişlərinin daha da inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Cari ilin 1 noyabr tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində bir qrup prokurorluq əməkdaşı Özbəkistanın Daşkənd şəhərinə səfər edib.
Səfərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, həmin Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru İlkin Abdullayev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Teymur Aşurov və Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Yaqut Əliyevadan ibarət nümayəndə heyəti təmsil edib.
Səfər çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Özbəkistan Respublikası Baş Prokurorluğunun Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandum hər iki qurum arasında geniş imkanlar açmaqla, birgə təlim proqramlarının hazırlanması və həyata keçirilməsində qarşılıqlı maraq kəsb edən əməkdaşlığı, hüquq elminin və təcrübəsinin aktual məsələləri üzrə qarşılıqlı məsləhətləşmələrin aparılmasını, dövlətlərimizin prokurorluq orqanlarının fəaliyyətinin aktual problemləri, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, habelə cinayətkarlığa qarşı mübarizə üzrə birgə elmi araşdırmaların təşkili və aparılması üçün tərəfdaşlıq tədbirlərini nəzərdə tutur.
İmzalanma mərasimində iştirak edən Özbəkistan Respublikası Baş prokurorunun müavini Svetlana Artıkova nümayəndə heyətimizi salamlayaraq qurumlarımız arasında olan əməkdaşlığın surətlə inkişaf etdiyini, habelə hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayaraq, imzalanmış Memorandumun ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək, tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, qurumlarımız arasında olan sıx münasibətlərin təzahürü olaraq intensiv qarşılıqlı səfərlərin gerçəkləşdiyini bildirmiş, Özbəkistan Respublikası Baş Prokurorluğunun Akademiyası ilə həyata keçiriləcək birgə işlərə dair təkliflərini təqdim etmişdir.
Daha sonra nümayəndə heyəti “Cinayət mühakiməsi sahəsində səmərəli transsərhəd əməkdaşlığı üçün potensialın gücləndirilməsi” mövzusunda dəyirmi masada iştirak edərək transsərhəd əməkdaşlığının gücləndirilməsi, bu sahədə ölkədə mövcud olan nailiyyətlər və çağırışlar, institusional və qanunvericilik bazasının təkmilləşdirilməsi kimi məsələləri əhatə edən təqdimatlar keçirmiş, həmkarları ilə səmərəli fikir mübadiləsi aparmışlar.