“Kriminologiyada səbəbiyyət problemləri” mövzusunda beynəlxalq müzakirə
Sankt-Peterburq beynəlxalq kriminologiya klubunda Qaradəniz-Xəzər region ölkələrinin hüquqşünaslar assosiasiyası və ali təhsil müəssisələri ilə birgə 22.04.2022-ci il tarixdə “Kriminologiyada səbəbiyyət problemləri” mövzusunda beynəlxalq müzakirə keçirilmişdir.
Tədbirin konsepsiyasına görə bu müzakirədə müxtəlif ölkələrin hüquqşünasları, hüquq üzrə alimləri və praktiki işçiləri iştirak edərək, ilk öncə professor Xanlar Ələkbərovun “Fərdi cinayətkar davranışın səbəblərinə yeni baxış” adlı elmi məruzəsi təqdimat formasında nümayiş etdirilmişdir. Məruzə ilə bağlı Lobaçevski adına Dövlət Universitetinin professoru Qennadiy Qorşenkov və digər natiqlər çıxış edərək elmi işin fundamental məsələlərinə toxunmuşlar, kriminoloji tədqiqatın nəticəsinə öz münasibətlərini bildirmişlər.
Azərbaycan Respublikası Baş prokurorunun tapşırığına əsasən bu tədbirdə onlayn rejimdə iştirak edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, baş ədliyyə müşaviri Talıb Cəfərov müzakirə obyekti olan elmi tədqiqata əvvəlcədən öz münasibətini bildirmiş, cinayətin baş verməsində səbəb-nəticə əlaqələrinin kriminoloji aspektlərinin öyrənilməsinin və bu problemlərin müzakirəsinin ümumilikdə kriminologiya elminin inkişafına müsbət töhfə verəcəyini qeyd etmişdir.
Daha sonra mövzu ətrafında aparılan müzakirədə həmçinin digər tanınmış alimlər, o cümlədən Sankt-Peterburq beynəlxalq kriminologiya klubunun prezidenti professor Dmitriy Şestakov, Rusiya-Türkiyə İctimai Forumunun baş katibi Serqey Markov, Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva Akademiyasının professorları Yuriy Qolik və Tatyana Minyazeva, Rusiya Dövlət Ticarət və İqtisad Universitetinin professoru Vladimir Djatiyev, Şimal (Arktika) Federal Universitetinin dosenti Aleksey Rıbak və digərləri iştirak etmişlər.