Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşları beynəlxalq dəyirmi masada iştirak ediblər
28 oktyabr 2026-cı il tarixində Rusiya Federasiyası Prokurorluq Universitetinin təşkilatçılığı ilə “İnformasiya-telekommunikasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərlə mübarizə sahəsində kadrların hazırlanması və ixtisaslarının artırılması” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli, həmin şöbənin prokuroru Fərizə Mirzəyeva, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov, həmçinin Elm-Tədris Mərkəzinin Tədris-texniki dəstək sektorunun müdiri Oqtay Mirzəyev videokonfrans rejimində iştirak ediblər.
Beynəlxalq dəyirmi masada çıxış edən Nigar Qələndərli Azərbaycanda kibertəhlükəsizliyin təmin edilməsi və kibercinayətkarlıqla mübarizə istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə mövcud hüquqi tənzimləmə mexanizmləri, kibercinayətlərin qarşısının alınması, aşkar edilməsi və istintaqının aktual hüquqi məsələləri barədə məlumat verib. Eyni zamanda, kibercinayətkarlıqla mübarizədə prokurorluq əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılmasının, müasir texnoloji çağırışlara uyğun təlimlərin təşkilinin və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində iştirakçı dövlətlərin prokurorluq və ixtisaslaşmış təhsil müəssisələrinin nümayəndələri tərəfindən kibercinayətkarlıqla mübarizə sahəsində kadr hazırlığının təkmilləşdirilməsi, praktiki təcrübə mübadiləsi, birgə tədris proqramlarının hazırlanması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

