KOICA əməkdaşları üçün təhlükəsizlik məsələlərinə həsr olunmuş maarifləndirici təlim keçirilib
2026-cı il iyunun 12-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı nümayəndəliyində əməkdaşlar üçün təhlükəsizlik məsələlərinə həsr olunmuş maarifləndirici təlim keçirilib.
Təlimdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Allahşükür Allahverdiyev, həmçinin Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov iştirak ediblər.
Tədbirdə bildirilib ki, qloballaşma proseslərinin sürətlənməsi və beynəlxalq əməkdaşlıq layihələrinin genişlənməsi humanitar və iqtisadi missiyaların fəaliyyətini daha da intensivləşdirib. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda mühüm qrant və inkişaf proqramları həyata keçirən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) və digər beynəlxalq təşkilatların əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi həm ev sahibi dövlətin, həm də missiya rəhbərliyinin prioritet vəzifələrindən biridir.
Çıxışlar zamanı terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, kiberterrorizm və digər müasir təhlükələrin yaratdığı risklər, beynəlxalq təşkilatların əməkdaşlarının təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, fövqəladə hallarda düzgün davranış qaydaları, preventiv tədbirlər və hüquqi müdafiə mexanizmləri barədə ətraflı məlumat verilib.
Təlim interaktiv müzakirələr şəraitində davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb.

