Monqolustan Baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Baş Prokurorluğun kitabxanası ilə tanış olub

2026-cı il mayın 6-da Monqolustan Baş prokuroru Carqalsayxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş Prokurorluğuna səfəri çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Baş Prokurorluğun kitabxanası ilə tanış olub.
Nümayəndə heyətinə Elm-Tədris Mərkəzinin fəaliyyəti, prokurorluq əməkdaşlarının peşə hazırlığının təşkili, müasir tədris metodları, rəqəmsal təhsil imkanları, ixtisasartırma və ilkin hazırlıq proqramları barədə ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəz prokurorluq əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, elmi-praktiki fəaliyyətin təşkili və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində sistemli fəaliyyət göstərir.
Daha sonra nümayəndə heyəti Baş Prokurorluğun kitabxanası ilə tanış olub. Qonaqlara kitabxananın hüquq sahəsi üzrə zəngin elmi və tədris ədəbiyyatı fondu, elektron informasiya resursları, rəqəmsal məlumat bazaları, eləcə də müasir infrastruktur və oxucular üçün yaradılmış şərait barədə ətraflı məlumat təqdim edilib.
Tanışlıq zamanı peşə hazırlığı, elmi fəaliyyət və kitabxana-informasiya təminatı sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi həyata keçirilib.
Səfər Azərbaycan və Monqolustan prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olub.