Baş Prokurorluğun nümayəndələri beynəlxalq forumda iştirak edib

Prokurorluq orqanlarında peşə hazırlığının təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədi ilə digər ölkələrin hüquq üzrə ali və ixtisaslaşmış təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.
Bu tədbirlərin davamı olaraq cari ilin 4-7 may tarixlərində Özbəkistan Respublikasının Türk Ədliyyə Təlim Şəbəkəsinə sədrliyi çərçivəsində Daşkənd şəhərində təşkil etdiyi “Türk dövlətlərində məhkəmə-hüquq ədalət mühakiməsi: rəqəmsal transformasiya və qabaqcıl yanaşmaların inteqrasiyası” mövzusunda beynəlxalq forumda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin rəisi Ramin Camalov və Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov iştirak edib.
Forumda Azərbaycan tərəfi ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Ədliyyə və Hüquq-mühafizə Akademiyalarının nümayəndə heyətləri də iştirak edib.
Forumda “Rəqəmsal texnologiyaların tədris prosesində tətbiqi təcrübəsi”, “Hakimlərin ixtisasartırma və hazırlığında beynəlxalq standartlar və müasir yanaşmalar” və “Hakimlərin və hüquq-mühafizə kadrlarının hazırlanmasında effektiv müasir pedaqoji metodların tətbiqinin prespektivləri” mövzusunda çıxışlar edilib, təqdimatlar olunub və geniş müzakirələr aparılıb.

Forumda Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin rəisi Ramin Camalov “Prokurorluq işçilərinin kadr hazırlığında effektiv müasir pedaqoji metodların tətbiqi təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib, müzakirələr zamanı bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi, Baş Prokurorluğun və Elm-Tədris Mərkəzinin fəaliyyəti barədə iştirakçılara ətraflı məlumatlar verilib.