Azərbaycan Respublikasının Milli Məclisində təşkil edilmiş konfransda Baş Prokurorluq təmsil olunub
2025-ci ilin aprel ayının 24-də Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” həsr edilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransa moderatorluq edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Konstitusiyamızın müstəqil dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda rolunu yüksək dəyərləndirib, dövlətimizin əsas qanununun qəbulunda Ulu Öndərin müstəsna xidmətlərini vurğulayıb.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə Konstitusiyamızın son 30 il ərzində keçdiyi inkişaf yolunu və onun ictimai münasibətlərin tənzimlənməsində oynadığı mühüm rolunu vurğulayıb.
Tədbir çərçivəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı “Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun dövlət quruculuğunda yeri” mövzusunda, Konstitusiya Məhkəməsinin hakimi, hüquq elmləri doktoru Ceyhun Qaracayev “Azərbaycan Respublikası Konstitusiyasının keçdiyi inkişaf yolu (referendumlar)” mövzusunda və Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru Elşad Nəsirov “Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir” mövzusunda çıxış ediblər, məruzələr ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Baş Prokurorluğu konfransda Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov təmsil edib.