Baş Prokurorluğun əməkdaşları ADA Universitetinin onlayn məlumat sessiyasında iştirak ediblər
Mövcud olan “Birgə əməkdaşlıq haqqında” Memoranduma əsasən təhsil, tədqiqat və elmi-praktiki tədbirləri sahəsində ADA Universiteti və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında formalaşmış qarşılıqlı əlaqələr elmi yaradıcılıq fəaliyyəti üçün öz faydasını verir.
2025-ci ilin aprelin 17-də Baş Prokurorluğun əməkdaşları, o cümlədən Elm-Tədris Mərkəzinin baş mütəxəssisləri Cahandar Quluzadə və Günel Mollayeva ADA Universitetinin Hüquq fakültəsinin magistratura pilləsində yeni hüquqşünaslıq ixtisasına dair onlayn məlumat sessiyasında iştirak ediblər.
ADA Universitetinin Hüquq fakültəsinin müəllimləri tərəfindən sessiya iştirakçılarına magistratura pilləsində hüquqşünaslıq ixtisasının məzmunu, strukturu, tədris planı, eləcə də Universitetə qəbul qaydaları və təqaüd imkanları barədə geniş məlumat verilib.
Belə ki, Universitetin Hüquq fakültəsinin müəllimi Cavid Qədirov Tədris planı (tədris olunacaq fənlərin adı, krediti və dili) barədə, Tələbə qəbul şöbəsinin əməkdaşı Nəzrin Əlizadə magistratura üçün uyğunluq tələbləri, qəbul şərtləri və prosesi barədə məlumat verib, sonda fakültənin dekanı Rəşad İbadov LL.M. proqramı haqqında daha ətraflı məlumatlar verərək iştirakçıların suallarını cavablandırıb.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun baş mütəxəssisi Toğrul Alıyev prokurorluq işçilərinə onlayn qeydiyyatdan keçərək sözügedən sessiyaya qoşulmasına dəstək göstərib.
