Baş prokuror cənab Kamran Əliyevin iştirakı ilə Xankəndi şəhərində konfrans və rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib

2025-ci ilin aprel ayının 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq əməkdaşları, o cümlədən Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov iştirak edib.
Tədbirdən əvvəl konfrans iştirakçıları Qarabağ Universitetində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar, eləcə də Universitetin inzibati binası ilə tanış olublar.
Konfrans açıq elan edildikdən sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmini uğrunda aparılmış mübarizədə şəhid olmuş əsgər və zabitlərimizin, vətəndaşlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səslənilib.
Açılış nitqləri ilə Baş prokuror cənab Kamran Əliyev, Elm və təhsil naziri cənab Emin Əmrullayev, Qarabağ Universitetinin rektoru cənab Şahin Bayramov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Elçin Yusubov çıxış ediblər.
Kamran Əliyev Konstitusiyasının qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olması ilə yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri olduğunu vurğulayıb. Həmçinin çıxışda Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan Respublikasının Silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başlanmış “44 günlük Vətən” müharibəsi və 19-20 sentyabr 2023-cü ildə ölkəmizin Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal anti-terror tədbirləri nəticəsində əldə edilmiş tarixi qələbənin 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması ilə yanaşı milli qürurumuzun bərpası, həm də dünyaya ədalətin gec ya da tez bərqərar olduğuna dair bir mesaj olduğu bildirilib.
Tarixə nəzər salan Baş prokuror, SSRİ Nazirlər Sovetinin 14.10.1988-ci il tarixli qərarı ilə Xankəndi Pedaqoji İnstitutunun fəaliyyəti dayandırılmasından illər sonra, Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalamasını və 2024-cü ilin sentyabr ayının 20-də isə Universitetin təmirindən sonra, açılışında şəxsən iştirak edərək, müəllim və tələbə heyəti ilə görüşməsinin növbəti dəfə tarixi ədalətin bərqərar edilməsi kimi qiymətləndirib.
Konfrans çərçivəsində Xankəndi şəhərində fəaliyyət göstərən hakim və prokurorun, Universitet müəlliminin Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, hüquqi islahatlara yanaşması və suverenliyin qorunması istiqamətində atdığı addımlardan bəhs edən çıxışlar dinlənilib.
Daha sonra Qarabağ Universitetinin “Maarifləndirmə və hüquq mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi” (ECOLEAD) layihəsinə qoşulmasına dair tərəfdaşlar adından Baş prokurorunun müavini Heydər Məmmədovla həmin təhsil müəssisəsinin rektoru Şahin Bayramov arasında memorandum imzalanıb.
Konfransda Baş Prokurorluq və Azərbaycan Televiziyası QSC ilə birgə ərsəyə gətirilmiş “Azərbaycanın suverenlik yolu” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.
Konfransdan sonra Baş prokuror cənab Kamran Əliyev və prokurorluq əməkdaşları Qarabağ Universitetinin tələbə yataqxanası ilə, Elm və təhsil naziri cənab Emin Əmrullayev və Nazirliyin əməkdaşları isə Xankəndi şəhər prokurorluğu ilə tanış olublar.

Səfər çərçivəsində Xankəndi şəhər prokurorluğunda Baş prokuror cənab Kamran Əliyevin rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib.