Baş Prokurorluqda ADA Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib

Gənclərin prokurorluq orqanlarının fəaliyyətinə böyük marağını nəzərə alaraq, 12 aprel 2025-ci il tarixində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən ADA Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün “Gələcəyin hüquqşünasları ilə görüş” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvü Vüsal İsayev, Mərkəzin rəisi Talıb Cəfərov və şöbə rəisi Nigar Qələndərli iştirak ediblər.
Görüş zamanı Mərkəzin baş mütəxəssisi Cahandar Quluzadənin təqdimatı ilə prokurorluğun tarixinə ekskurs edilərək onun fəaliyyətinə Ulu Öndər Heydər Əliyevin göstərdiyi unudulmaz töhfəsi diqqətə çatdırılıb, prokurorluq fəaliyyətinin istiqamətləri izah edilərək dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə formalaşmış müasir Azərbaycan Prokurorluğunun sistemi və Baş Prokurorluğun struktur qurumları barədə ətraflı məlumat verilib.
Mərkəzin baş mütəxəssisi Toğrul Alıyev tələbələri tətbiq edilən informasiya texnologiyaları ilə tanış edərək onların funksional təyinatı və texniki imkanları barədə məlumat verib.
Tədbir çərçivəsində tələbələr Ümummilli Liderin guşəsini və Vətən Müharibəsi qalereyasını ziyarət ediblər, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Anar Mirkişiyevin və Kriminalistika və informasiya texnologiyaları idarəsinin böyük prokuror-metodisti Ayaz Qayıbovun müşayiəti ilə tədbir iştirakçıları prokurorluq əməkdaşlarının iş şəraiti ilə, istintaq otaqları və arxivi ilə, müxtəlif təyinatlı auditoriyalarla, kitabxanalarla, Konfrans zalı ilə, kriminalistik avtomobil və avadanlıqlarla əyani şəkildə tanış olublar.
Görüşün sonunda tələbələrin bir qismi gələcəkdə prokurorluq orqanlarına qulluğa qəbul olunmasına arzu etdiklərini ifadə ediblər.