Hüquq və İnsan Haqları İnstitutunda təşkil edilmiş dəyirmi masada Elm-Tədris Mərkəzinin nümayəndəsi iştirak edib

“Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs tərəfindən hazırlanmış “Hüquq sahəsində məqalə dərc edən jurnallara dair ikinci monitorinq hesabatı”nın təqdimatı ilə bağlı 11 aprel 2025-ci il tarixdə İnstitutda keçirilmiş dəyirmi masada Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin böyük prokuroru İradə Xəlilova təmsil edib.
Müxtəlif qurumların nümayəndələrinin, hüquqşünas alimlərin və hüquq jurnallarının təmsilçilərinin iştirak etdiyi dəyirmi masada 152 hüquqşünas və 18 hüquq jurnalı arasında keçirilmiş elektron sorğunun nəticələri, eləcə də jurnalların fəaliyyəti üzrə mövcud müsbət və mənfi tendensiyalar müzakirə olunub. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hazırlanan ikinci monitorinq hesabatını tədbir iştirakçılarına təqdim edib və bildirib ki, İnstitut hüquq jurnallarının vəziyyətini araşdırmaqla yanaşı, həm də mövcud problemlərin həll olunmasını və jurnalların müasir elmi tələblərə cavab verən səviyyəyə çatdırılmasını hədəfləyib.
Müzakirələrdə iştirak edən İradə Xəlilova tərəfindən qeyd edilib ki, istinadlar üzrə xarici hüquqşünas alimlərin vəsaitlərindən istifadə edildikdə hüquqi məqalənin daha sanballı olacağına dair şüuraltı düşüncə mövcuddur, bu isə Azərbaycanlı hüquqşünas alimlərin əməyini kölgədə qoyur. Bununla bağlı təklif edib ki, məqalələr qəbul edilərkən milli hüquqi ədəbiyyatdan istifadənin artırılması təşviq edilsin. Bu həm Azərbaycan hüquq elminin, həm də Azərbaycan hüquq dilinin inkişafına müsbət təsir göstərə bilər. İradə Xəlilovanın digər bir təklif isə məqalələrdə plagiatın yoxlanılması ilə bağlı olub. Belə ki, plagiat proqramları tərəfindən avtomatlaşdırılmış qaydada çıxarılan plagiat faizləri bəzən reallığı əks etdirmir, dəyişdirilməməli olan mətnləri (məcəllə mətnləri, məlumat xarakterli mətnlər və sair) plagiat hesab edir. Bununla bağlı təklif edib ki, plagiat faizi proqram tərəfindən çıxarıldıqdan sonra proqramın plagiat hesab etdiyi mətnlərin mütəxəssis tərəfindən qiymətləndirilməsi mexanizmi aktivləşdirilsin.
Çıxışı zamanı İradə Xəlilova, həmçinin Baş Prokurorluğun “Azərbaycan Prokurorluğu” və “Azərbaycan prokuroru” jurnallarının yaranma tarixi və fəaliyyət istiqamətləri barədə geniş məlumat verib, “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının iki nüsxəsini İnstitutun kitabxanasına hədiyyə edib.
Qeyd edilməlidir ki, sözügedən elektron sorğuda prokurorluğun mətbu nəşrləri iştirak etməsə belə, tanınmasına görə “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalı yüksək pillədə yer alıb.