BDU-nun Hüquq fakültəsinin təşkil etdiyi elmi-praktik seminarda Elm-Tədris Mərkəzinin nümayəndəsi iştirak edib

2025-ci il 10 aprel tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimovun, həmçinin Mülki proses kafedrasının müdiri Əsmər Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə “Cinayətkarlığa qarşı mübarizə və cinayətlərin profilaktikası” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbir müasir dövrdə cinayətkarlığın qarşısının alınması, hüquqi profilaktika tədbirlərinin səmərəliliyinin artırılması və bu istiqamətdə dövlət siyasətinin əsas vektorlarının müzakirəsi məqsədini daşıyıb.
Seminarın açılış mərasimində çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev kriminologiya elminin tarixi inkişaf mərhələlərindən bəhs edib, bu sahəyə dair ilk dərsliyin 1885-ci ildə işıq üzü gördüyünü bildirib. O, klassik kriminologiyanın banilərindən biri olan Çezare Bekkariyanın “Cinayətlər və cəzalar haqqında” əsərinin cinayət hüququ və kriminologiyanın təşəkkülündə mühüm rol oynadığını xüsusi vurğulayıb.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi, Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Hüquq Ekspertizası və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələrinin, professor-müəllim heyətinin və tələbələrinin iştiraki ilə keçirilmiş seminarda Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova təmsil edib.
Çıxışlarda cinayətkarlığın qarşısının alınmasına dair yeni konseptual yanaşmaların formalaşdırılması, hüquqpozmaların profilaktikasına dair hüquqi və təşkilati mexanizmlərin təkmilləşdirilməsi, eləcə də qabaqlayıcı tədbirlərin effektivliyinin artırılması kimi məsələlər ətrafında elmi müzakirələr aparılıb. Seminar çərçivəsində cinayətkarlığın profilaktikasında hüquqi maarifləndirmə işlərinin genişləndirilməsinin, profilaktik fəaliyyətdə dövlət və ictimai institutlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi qeyd edilib, həmçinin bu sahədə elmi tədqiqatların roluna dair toxunulub. Eyni zamanda, cinayətkarlığın qarşısının alınmasında elmi əsaslandırılmış dövlət proqramlarının hazırlanmasının və profilaktik tədbirlərin hüquqi normativləşdirilməsinin əhəmiyyəti vurğulanıb.