Tələbə və kursantların iştirakı ilə “Konstitusiya və Suverenlik İli: gənclərin hüquqi dövlət quruculuğunda yeri və rolu” adlı konfrans keçirilib

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə 2025-ci ilin fevral ayının 12-də keçirilmiş “Konstitusiya və Suverenlik ili: gənclərin hüquqi dövlət quruculuğunda yeri və rolu” adlı konfransda Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Daxili Qoşunların Hərbi İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbə və kursantları, habelə onların müəllim heyətləri iştirak ediblər.
Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin yad edilməsi, dövlət himninin səsləndirilməsi və xalqımızın Ümummilli Liderinin 1997-ci ildə gənclərə etdiyi müraciəti ilə (video formatda) başlanıb.
Tədbir çərçivəsində prokurorluq işçilərinin, təhsil ocaqlarının nümayəndələrinin, habelə tələbə və kursantların “Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifi”, “Dövlətçiliyi qoruyan dəyərlər: demokratik ənənələr və milli birlik”, “Dövlət təhlükəsizliyinin təmin edilməsinin prioritetləri”, “Dövlət suverenliyinin təmin olunması və vətənpərvər Azərbaycan gəncliyi”, “Müharibə dövründə insan hüquqlarının müdafiəsi”, “Suverenliyin qorunmasında diplomatiyanın rolu” və digər mövzularda çıxışları dinlənilib.
Həmçinin konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış “Prokurorluq orqanlarında peşə hazırlığı işinin təşkili” adlı metodiki vəsaitin təqdimatı keçirilib, tədbir iştirakçıları üçün müvafiq məlumat verilərək 2024-cü il ərzində Beynəlxalq Prokurorlar Assosiasiyası, COP29, Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində Bakı şəhərində təşkil edilmiş tədbirlərin, eləcə də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilmiş İnteraktiv yarışın videoçarxları nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Milli Aviasiya Akademiyasının və Dövlət Gömrük Komitəsi Akademiyasının istedadlı tələbələrinin milli vətənpərvərlik ruhunda şerləri, musiqiləri və mahnıları seyr edilib.