Maarifləndirməyə yönəlmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tədbirində Elm-Tədris Mərkəzinin nümayəndəsi iştirak edib

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəvətinə əsasən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev “Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması” mövzusunda keçiriləcək təlimlərin açılış sessiyasında iştirak edib.
2025-ci ilin fevralın 11-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi və Dünya Bankının birgə təşkilatçılığı ilə açılış sessiya Bakı şəhərinin “Hyatt Regency” otelində baş tutub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Hesablama Palatasının, nazirliklərin, komitə və digər dövlət qurumlarının, habelə beynəlxalq maliyyə institutlarının nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə keçirilmiş bu tədbirdə təşkilatçı qurumların vəzifəli şəxsləri çıxış edib.
Sessiyada həmçinin Azərbaycanda ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatları çərçivəsində görülmüş işlər, bu sahədə beynəlxalq əməkdaşlıq, islahatların gələcəyi ilə bağlı atılacaq növbəti addımlar, habelə yeni büdcə mexanizminin tətbiqi üçün potensialın artırılması məqsədilə təşkil ediləcək təlimlər barədə məlumatlar açıqlanıb və təqdimatlar olub.
Qeyd edilməlidir ki, ümumi tədris proqramı üzrə təlimlər 2025-ci ilin 17 – 28 fevral tarixlərində Azərbaycan Respublikasının Maliyyə Nazirliyində təşkil olunması planlaşdırılıb.