Bakıda baş tutmuş Forumda Elm-Tədris Mərkəzinin nümayəndəsinin iştirakı ilə təhsildə rəqəmsal innovasiyaların tətbiqi müzakirə edilib
2025-ci ilin fevralın 8-də Gənc Aviatorlar Cəmiyyəti tərəfindən “Landmark Baku” binasında təşkil edilmiş Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib.
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən gənclərin tədbirinə dəstək göstərmək məqsədi ilə Forumda Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi, baş ədliyyə müşaviri Əmir Ocaqverdiyev iştirak edib.
İngilis dilində təşkil edilmiş Forumda özəl və dövlət müəssisələrində təhsil alan tələbə və şagirdlər, eləcə də Azərbaycan Respublikası Kosmik Agentliyinin, ABŞ-nın Braun Dövlət Universitetinin, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin və digər yerli və beynəlxalq qurumların nümayəndələri iştirak edib.
Xarici dilləri mükəmməl bilən gənclərin prokurorluq orqanlarına qulluğa qəbul olunmasını stimullaşdırılması və tədris prosesində tətbiq edilən müasir informasiya texnologiyalar barədə məlumatı ictimaiyyətə çatdırılması məqsədilə Forumun “Təhsildə Rəqəmsal İnnovasiyalar” mövzusu üzrə panel müzakirəsində şöbə rəisi Əmir Ocaqverdiyev ingilis dilində çıxış edib.
Forum iştirakçıları tərəfindən prokurorluq işçilərinin nəzəri biliklərinin və peşə bacarıqlarının artırılması üzrə görülən tədbirlər, bu prosesdə tətbiq edilən innovativ yanaşmalar, müasir informasiya texnologiyaları böyük maraqla qarşılanıb.
Bu kimi tədbirlər gənclər üçün yaradılmış sosial və akademik mühiti zənginləşdirir, gənclərimizin təşəbbüskar olmasına, öz ideyalarını həyata keçirməsinə və müxtəlif sahələrdə təcrübə qazanmasına imkan yaradır.