Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş elmi-praktik konfransda Mərkəzin əməkdaşları iştirak ediblər

2024-cü ilin noyabr ayının 1-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Baş Prokurorluğun, “Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyinin, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutunun, həmçinin respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin, kursant və tələbələrin iştirakı ilə “Zəfər Günü – milli qürur və şərəf tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib.
Dəvət əsasında konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov, şöbə rəisi Nigar Qələndərli və şöbə prokuroru Ruslan Ağayev iştirak ediblər.
Konfransı Polis Akademiyasının rəisi Canpolad Daanov giriş sözü ilə açaraq konfransın məqsədi barədə fikirlərini bildirərək işinə uğurlar arzulayıb, dövlətimizin gələcək inkişafında müstəsna rol oynayan Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayıb.
Daha sonra konfrans öz işinə başlayıb və tədbir iştirakçılarının Zəfər Günü ilə bağlı məruzələri dinlənilib.
Konfransın gedişində Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov məruzə ilə çıxış edərək  Zəfər Gününün tariximizdə rolu, həmçinin Azərbaycanda ordu quruculuğu və Ulu Öndərin Milli Ordunun inkişafındakı əvəzsiz xidmətləri, müasir dövrdə təhsil qurumları arasında bu qəbildən olan tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyəti barədə ətraflı çıxış edib.