Elm-Tədris Mərkəzində ənənəvi olaraq “Şahid Dindirmə Müsabiqəsi” keçirilib
“Avropa Hüquqşünas Tələbələr Assosiasiyası” (ELSA) Bakı İctimai Birliyinin “Şahid Dindirmə Müsabiqəsi”nin müxtəlif mərhələləri son illər ərzində prokurorluq işçilərinin iştirakı ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilir.
Gələcək hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq, onların prokurorluq orqanlarında işləmələrinin təşviqi məqsədilə 2024-cü ilin oktyabr ayının 15 və 24, habelə noyabr ayının 1 tarixlərdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Kadrlar idarəsinin birgə təşkilatçılığı ilə Mərkəzdə ELSA Bakı İctimai Birliyinin növbəti “Şahid Dindirmə Müsabiqəsi” keçirilib.
Aparıcı ali təhsil müəssisələrinin hüquq sahəsində ixtisas alan 60 tələbəsinin qatıldığı bu tədbirdə Baş Prokurorluğun müxtəlif idarələrinin təcrübəli əməkdaşları şahid dindirmə istintaq hərəkətinin taktikasına və rəsmiləşdirilməsinə dair çıxışlar ediblər, eləcə də səhnələşdirilmiş tədbirin yarımfinal və final mərhələlərində isə hakim qismində iştirak ediblər.
Müsabiqənin sonunda qalib olan komandanın üzvləri mükafatlandırılıb, iştirakçılara müvafiq sertifikatlar, təlimçilərə isə təşəkkürnamələr təqdim olunub.