Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olub

Qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə tədbirlər uğurla davam etdirilir.
Milli Fəaliyyət Planı üzrə növbəti tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlimin keçirilməsi formatında baş tutub.
Təlimin keçirilməsi ilə bağlı 2024-cü ilin oktyabr ayının 30-u Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olub
Qonaqları salamlayan Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov Mərkəzin fəaliyyəti, onun tədris prosesi, habelə hüquq mühafizə orqanlarının əməkdaşlarının peşə biliklərinin artırılması üzrə görülən digər tədbirlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli dövlət qulluğunda dürüstlüyün və hesabatlılığın vacibliyini vurğulayıb, korrupsiya hallarına qarşı mübarizənin və bu sahədə maarifləndirmənin Elm və Təhsil Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib.
Tədbir çərçivəsində qonaqlara iş prosesində tətbiq edilən informasiya sistemləri nümayiş etdirilib, onlar Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılmış şərait, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş guşə, 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, Baş Prokurorluğun kitabxanaları, mühazirə və praktiki məşğələlər auditoriyaları, konfrans və iclas zalları, kriminalistika otaqları ilə yaxından tanış olublar.
Görüşün sonunda qarşıda duran tədris üzrə prioritet məqsədlər ətrafında müzakirələr aparılıb.