Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin pedaqoji və tələbə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikası Baş prokurorunun tapşırığına əsasən 22.10.2024-cü ildə Qarabağ Universitetinin pedaqoji və tələbə heyəti ilə görüş məqsədi ilə Baş Prokurorluğun əməkdaşları Xankəndi şəhərinə səfər edib.
Elm və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə Universitetin şəraiti ilə tanış olunub, pedaqoji və tələbə heyəti qarşısında Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov çıxış ediblər, tələbələrin suallarının cavablandırılmasında Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov iştirak edib.
Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Universitet qarşısında qoyulan prioritetlər barədə, hüquq təhsilinin inkişafı təşəbbüsləri mövzusunda, eləcə də prokurorluğa qulluğa qəbulun qaydaları haqqında söhbət aparılıb.
Görüşdən sonra Universitetin rəhbərliyi ilə əməkdaşlığın istiqamətləri barədə, xüsusən də tədrisin təşkili, ədəbiyyat təminatı, Kriminalistika fəninin tədrisi, tələbələrin təcrübə keçməsi, elmi-tədqiqat tədbirlərin birgə təşkili, habelə Universitetin “Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mühafizə tədbirləri” (ECOLEAD) layihəsinə qoşulması ilə bağlı danışıqlar aparılıb.
Səfər çərçivəsində görüş iştirakçıları Qarabağ Universitetinin tələbə yataqxanası, Xankəndi şəhər və Xocalı rayon prokurorluqlarının inzibati binaları ilə tanış olublar.
Qarabağ Universitetinin kitabxanasına Baş Prokurorluğun metodiki və mətbu nəşrləri ianə edilib.