Elm-Tədris Mərkəzində ekoloji hüquqpozmalarla mübarizəyə həsr olunan interaktiv yarış keçirilib
Prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünün qeyd edilməsi ilə əlaqədar 2024-cü ilin oktyabr ayının 9-da Baş Prokurorluğun Kadrlar idarəsinin, Elm-Tədris Mərkəzinin və Mətbuat xidmətinin təşkilatçılığı ilə tələbə və kursantlar arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində interaktiv yarış keçirilib.
İnteraktiv yarışa Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, ADA Universitetinin, Milli Aviasiya Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Dövlət Gömrük Komitəsi Akademiyasının, Fövqəladə Hallar Nazirliyi Akademiyasının, Heydər Əliyev adına Hərbi İnstitutunun 200-dən artıq tələbə və kursantları, eləcə də professor-müəllim heyətinin nümayəndələri qoşulublar.
Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələri, “Ətraf mühitin mühafizəsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və sair qanunları və normativ hüquqi aktları əsasında hazırlanan suallar müzakirə obyekti olub və keçirilən üç mərhələli yarışda 10 komanda iştirak edib.
Göstərdikləri nəticələrə görə qaliblər sırasında 1-ci yeri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası, 2-ci yeri ADA Universitetinin komandası, 3-cü yeri Bakı Dövlət Universitetinin və Dövlət İdarəçilik Akademiyasının komandaları tutublar.
Yarışın kapitanlar konkursunun qalibləri isə Polis Akademiyasının və Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının kursantları olublar.
Müasir texnologiyalardan geniş istifadə etməklə, maraqlı və rəqabət şəraitində keçirilmiş bu tədbir çərçivəsində iştirakçılar və azarkeşlər istedadlı gənclərin milli vətənpərvərlik mövzusunda bədii ifalarını dinləyib, onlar üçün Baş Prokurorluq tərəfindən hazırlanmış “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” adlı vəsaitin və COP29-a həsr olunmuş bukletin təqdimatı keçirilib, tədbirin sonunda isə iştirakçılar sertifikatlarla təltif edilib.