Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ölkəmizin aparıcı ali təhsil müəssisələri, ixtisaslaşdırılmış xüsusi təyinatlı akademiyaları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.
2024-cü il iyulun 10-da Mərkəzin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Akademiyasını ziyarət edərək, oranın fəaliyyəti, tədris prosesi, maddi-texniki bazası ilə yaxından tanış olub.
Tədbir çərçivəsində keçirilən görüşdə Akademiyanın rəisi, general-mayor Baba Salayev təhsil müəssisənin tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, burada tətbiq edilən müasir təhsil metodları barədə qonaqlara ətraflı məlumat verib.
Daha sonra, Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov gələcək əməkdaşlıq imkanları barədə həmkarlarına təkliflərini təqdim edib, səmərəli təkliflər irəli sürülüb.
Tədbir çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.