Zəngəzur Milli Parkında “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqresdə Mərkəzin əməkdaşları iştirak edib
2024-cü ilin iyun ayının 21-22 tarixlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqres keçirilib.
Zəngəzur Milli Parkının ərazisində və Naxçıvan Dövlət Universitetində iki gün davam edən bu festival-konqres qədim yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə formalaşdırdığı və yaşatdığı mədəniyyəti təbliğ etməklə yanaşı, əzəli yurd yerinə qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etmək məqsədi daşımışdır.
Konqresdə ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçılar bir araya gəliblər. Naxçıvan Dövlət Universitetinin dəvəti ilə tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev və həmin şöbənin böyük prokuroru Nigar Əskərova iştirak ediblər.
Festival-konqres iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər və önünə güllər düzüblər. Heydər Əliyev Muzeyinə gələn ziyarətçilərə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə məlumat verilib.
Daha sonra Zəngəzur Milli Parkında, Batabat yaylağında “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqresin rəsmi açılış mərasimi olub. Açıq səma altında keçirilən tədbirin ilk günündə Oğuz elinin çaparları Batabat yaylağının əhatəsində bayram və Azərbaycan xalqının birliyinə çağırış rəmzi olan üç tonqal qalayıblar. Sonra “Zəfər” kompozisiyası təqdim olunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
2023-cü ilin antiterror tədbirlərində qazandığımız qələbəyə həsr olunmuş “Zəfər” marşı ifa edildikdən sonra Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası tərəfindən “Dərələyəz” kompozisiyası təqdim olunub. Ardınca 2023-cü ildə keçirilmiş “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqresdən yaddaqalan məqamları əks etdirən videoçarx nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində Mərkəzin əməkdaşları ilə Muxtar Respublika prokuroru Sənan Paşayev görüş keçirmiş, Baş Prokurorluğun Kitabxanasına Naxçıvan Muxtar Respublikasından bəhs edən kitablar ianə etmişdir.