Mərkəzin əməkdaşı “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda keçirilmiş dəyirmi masada iştirak edib
2024-cü ilin iyun ayının 7-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, DİN-in aidiyyəti qurumlarının əməkdaşları, Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, ADA Universitetinin, Milli Aviasiya Akademiyasının, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının və Polis Akademiyasının professor-müəllim heyəti, tələbə və kursantları iştirak ediblər.
Tədbirdə Baş Prokurorluğu digər idarələrin əməkdaşları ilə yanaşı Elm-Tədris Mərkəzinin şöbə prokuroru Ruslan Ağayev təmsil edib.
Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.
Polis Akademiyasının rəisinin birinci müavini Vüqar Mansurov dəyirmi masanın keçirilməsində əsas məqsədin möhtərəm Prezident, cənab İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi və buna bağlı olaraq ətraf mühitin qorunması, yaşıllığın artırılması kimi aktual və problemli məsələlərin araşdırılması, həlli yollarının müəyyən edilməsi, işğaldan azad edilmiş torpaqlarımızda erməni vandalizmi nəticəsində məhv edilmiş ekosistemin bərpa edilməsi və qeyd olunanlara hüquqi müstəvidə diqqətin artırılması olduğunu bildirib.
Daha sonra “Yaşıl iqtisadiyyat qanunvericilik kontekstində”, “Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərdə törədilmiş ekoloji cinayətlər”, “İşğaldan azad olunmuş ərazilərdə ermənilərin törətdiyi ekoloji terrorun nəticələrinin aradan qaldırılmasında daxili işlər orqanlarının rolu”, “Ermənistanın Qarabağda törətdiyi ekoloji terrorun beynəlxalq hüquqi məsuliyyəti”, “Ermənistanın törətdiyi ekoloji terror nəticəsində Azərbaycan təbiətinə vurulan zərərin miqdarı” və “Ermənistanın Qarabağda ekoloji təhlükəsizliyə vurduğu ziyan və onun beynəlxalq hüquqi məsuliyyəti” mövzusunda tədbir iştirakçıların çıxışları dinlənilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.