Mərkəzin əməkdaşları Polis Akademiyasında mülkiyyət əleyhinə törədilən cinayətlərə həsr edilmiş dəyirmi masada iştirak ediblər
2024-cü ilin aprel ayının 19-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasında məhkəmə hakimlərinin, Vəkillər Kollegiyasının Akademiyasının rektorunun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin əməkdaşlarının, Polis Akademiyasının və Naxçıvan Orta İxtisas Polis Məktəbinin müəllim heyətinin, eləcə də kursant və magistrlərinin iştirakı ilə “Mülkiyyət əleyhinə törədilən cinayətlərlə mübarizənin müasir problemləri” mövzusunda dəyirmi masa keçirilib.
Dəvət əsasında tədbirə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə prokurorları Məhərrəm Əzizbəyov və Rəşad Qasımov qoşulublar.
İlk olaraq Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Akademiya rəisinin birinci müavini Vüqar Mansurov açıq elan edərək, dəyirmi masanın keçirilməsində əsas məqsədin mülkiyyət əleyhinə törədilən cinayətlərlə bağlı aktual və problemli məsələlərin araşdırılması və həlli yollarının müəyyən edilməsi, nəzəri biliklərin praktiki bacarıqlarla vəhdətinə nail olunması və hüquqi müstəvidə olan problemlərə diqqətin artırılması olduğunu bildirib.
Daha sonra dəyirmi masanın elmi-praktik müzakirə hissəsi öz işinə başlayıb və tədbir iştirakçılarının “Mülkiyyət əleyhinə törədilən cinayətlərlə mübarizənin müasir problemləri”, “Mülkiyyət əleyhinə törədilən cinayətlərlə mübarizədə Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri”, “Virtual əmlak və ona qəsdlərlə mübarizənin müasir problemləri” və “Quldurluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinin xeyli, külli və xüsusilə külli miqdarda ziyan vurmaqla törədilməsi hallarının tövsifi problemləri” mövzularında məruzələri dinlənilib.
Tədbir çərçivəsində Məhərrəm Əzizbəyov “Mənimsəmə və ya israf etmə əməlləri ilə mübarizənin cinayət-hüquqi xüsusiyyətləri” mövzusunda mühazirə ilə çıxış edib.
Sonda mövzu ətrafında aparılmış fikir mübadiləsi və müxtəlif yönümlü müzakirələrdə Rəşad Qasımov və Məhərrəm Əzizbəyov qaldırılan məsələlərə öz münasibətlərini bildiriblər.