Elm-Tədris Mərkəzinin əməkdaşı Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən forumda iştirak edib
2024-cü ilin 30 may tarixində Bakı şəhərində yerləşən Hilton otelində Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutmuş “Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forumda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli, Kadrlar idarəsinin rəis müavini Nigar Talıblı və prokuroru Elmir Paşazadə iştirak etmişlər.
Tədbirdə dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dövlət orqanlarının marağının artırılması, dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və əlaqələndirilməsi, dövlət qulluqçularının təlimə olan tələbatını hərtərəfli ödəyən və müasir tələblərə cavab verən effektli və davamlı təlim sisteminin formalaşdırılması barədə çıxışlar edilmiş, dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştə əsaslı qiymətləndirmə modelinə keçidlə bağlı məlumat verilmişdir.
Forumda qeyd olunmuşdur ki, yeni strateji inkişaf mərhələsində davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, innovativ cəmiyyətin təşviqi, dövrün tələblərinə uyğun təhsil sisteminin inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Tədbir çərçivəsində insan kapitalının inkişafı məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən layihələr barədə məlumat verilmiş, dövlət qulluqçularının peşəkarlığının davamlı artırılması məqsədilə Dövlət İmtahan Mərkəzi ilə səmərəli əməkdaşlığı vurğulanmışdır.
Forum dövlət orqanları və ali təhsil müəssisələrinin nümayəndələrinin panel çıxışları ilə davam etmiş, “yaşıl iqtisadiyyat”, “yaşıl dünya” üçün “yaşıl təhsil”, hibrid təhsil, dövlət qulluğunda insan kapitalının inkişafı ilə bağlı məsələlər müzakirə edilmişdir.