Elm-Tədris Mərkəzinin əməkdaşı Hüquq və İnsan Haqları İnstitutunda təşkil edilmiş dəyirmi masada iştirak edib
03.05.2024-cü il tarixdə Hüquq və İnsan Haqları İnstitutu tərəfindən hüquq sahəsində elmi jurnalların vahid elektron axtarış bazasının yaradılması və digər məsələlərə həsr edilmiş dəyirmi masada Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini, “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının redaksiya heyətinin məsul katibi Talıb Cəfərov iştirak edib.
Tədbiri açan “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hüquq jurnallarına dair 109 hüquqşünas və 13 hüquq jurnalı arasında onlayn elektron sorğu vasitəsi ilə aparılmış monitorinqin nəticələrini elan edib. Bəlli olub ki, hüquqşünaslar hüquq jurnallarına məqalə yazmaqda maraqlıdırlar, lakin bir çox hüquq jurnalların elektron formatı mövcud deyil, yazılan məqalələrin keyfiyyətinin aşağıdır və beynəlxalq reytinqlərdə az təmsil olunurlar. Bu problemlərin aradan qaldırılması üçün İnstitut BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) ilə birlikdə hüquq jurnallarının vahid elektron axtarış bazasını yaratmağa dair razılıq əldə edib.
Daha sonra Vəkillər Kollegiyasının Akademiyasının rektoru, professor Əmir Əliyev çıxışında hüquq jurnallarının nüfuzunu artırmaq üçün onların beynəlxalq data-bazada yer almasının vacibliyini vurğulayıb və İnstitutun bu istiqamətdə atdığı addımları dəstəkləyib.
Dəyirmi masada iştirak edən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov və digər şəxslər çıxış ediblər. Talıb Cəfərov “Azərbaycan Prokurorluğu” və “Azərbaycan Prokuroru” elmi-praktiki jurnallar, eləcə də “İstintaq təcrübəsi” və “Dövlət ittihamının müdafiəsi təcrübəsi” adlı bülletenlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirə qoşulmuş 20-dən artıq hüquq jurnalının redaksiya heyətinin üzvləri, müxtəlif təhsil ocaqların hüquqşünas alimləri və aidiyyəti dövlət qurumlarının əməkdaşları sözügedən mövzu ətrafında fikir mübadiləsi aparıblar, öz dəyərli fikirlərini səsləndiriblər, elektron axtarış bazasının yaradılması istiqamətində təkliflər dinlənilib, məqalələrin keyfiyyətinin artırılması üçün hüquqşünas müəlliflər üçün təlimlərin keçirilməsi qərara alınıb.