Milli Aviasiya Akademiyasında təhsil alan tələbələr üçün Baş Prokurorluqda “Açıq qapı günü” keçirilib
Gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq, Elm-Tədris Mərkəzinin dəstəyi ilə 22 aprel 2024-cü il tarixində Milli Aviasiya Akademiyasının hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün Baş Prokurorluqda “Açıq qapı günü” keçirilib.
Tədbirin əvvəlində prokurorluq orqanlarında həyata keçirilmiş işlərlə bağlı videoçarx nümayiş edilib, daha sonra Baş Prokurorluğun bir neçə struktur qurumunun təcrübəli əməkdaşları tərəfindən müvafiq idarələrin fəaliyyəti barədə tələbələrə ətraflı məlumatlar verilib.
Tədbirin gedişatında tələbələr prokurorluq əməkdaşlarının vəzifə funksiyaları, iş şəraiti, gündəlik fəaliyyətlərində tətbiq etdikləri müasir texnoloji və kriminalistik vasitələrlə yaxından tanış olublar.
“Açıq qapı günü” çərçivəsində tələblər Vətən Müharibəsi qalereyası, istintaq otaqları, mühazirə və məşğələ auditoriyaları, kitabxanalar, mobil kriminalistik laboratoriyalı avtomobil və avadanlıqlarla əyani şəkildə tanışlıq imkanı əldə ediblər.
Tədbirin sonunda gənc hüquqşünaslarla fikir mübadiləsi aparılmış, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılmışdır.