Bakı Dövlət Universitetinin tələbələri üçün “Açıq qapı” günü keçirilib
Gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyəti və tarixinə olan marağını nəzərə alaraq, eləcə də onların prokurorluğun tarixinə ehtiram ruhunda tərbiyə olunması məqsədilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə 13 mart 2024-cü il tarixdə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Baş Prokurorluğun Tarix muzeyi ilə tanış edilib.
Hüquqi təminat və insan hüquqları idarəsinin prokuroru Tural Mürsəlov və Elm-Tədris Mərkəzinin baş məsləhətçisi İlkanə Qasımova Azərbaycan Prokurorluğunun Tarix muzeyi ilə gənc hüquqşünasları yaxından tanış ediblər. Daha sonra Muzeyin yaradılması, prokurorluğun müsbət fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı tələbələrə ətraflı məlumat verilib.
Bununla yanaşı, tələbələr Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yeni yaradılmış guşə, Muzeyin zalları, prokurorluq işçilərinin geyim formaları və fərqlənmə nişanlarının nümayiş olunduğu xüsusi hazırlanmış bölmə, eləcə də Azərbaycan Prokurorluğunun fəaliyyətinə dair müxtəlif sənədlər və eksponatlarla əyani şəkildə tanış olublar.
Tədbirin sonunda prokurorluq orqanlarının tarixi və fəaliyyəti ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.