Elm-Tədris Mərkəzinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının təşkil etdiyi təlimdə iştirak ediblər
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ölkəmizdə çox şaxəli və əhəmiyyətli tədbirlərin keçirilməsi davam etdirilir.
12 mart 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “Prezident İlham Əliyevin yeni dövlətçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda təlim keçirilmişdir.
Akademiya tərəfindən təlimə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının təlim mərkəzləri ilə yanaşı, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi dəvət olunmuşdur.
Mərkəzin rəhbər heyəti daxil olmaqla, 12 əməkdaşı onlayn formatda iştirak edən təlimdə Akademiyanın rektoru, biologiya elmləri doktoru, akademik Urxan Ələkbərovun təqdimatla müşayiət olunan çıxışı böyük maraqla qarşılanmışdır. Eşidilmiş çıxış ətrafında müzakirələr aparılmış, dövlət başçısının iqlimin qorunması sahəsində gördüyü tarixi işlər yüksək qiymətləndirilmişdir.
Tədbirin sonunda Mərkəzin rəis müavini Talıb Cəfərov dəvətə, eləcə də səslənilmiş fikirlərə və əldə edilmiş nəzəri biliklərə görə təlim təşkilatçılarına minnətdarlığını bildirmişdir.