Heydər Əliyevin 100 illik yubileyinə və “Zəfər Gününə” həsr olunmuş konfrans keçirilib
2023-cü ilin oktyabr ayının 27-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə “Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Zəfər tarixi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirin ərsəyə gəlməsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədovun və Polis Akademiyasının rəisi Canpolad Daanovun rəhbərliyi ilə hər iki qurumun əməkdaşlarının, o cümlədən Mərkəzin şöbə rəisi Nigar Qələndərlinin əməyi olmuşdur.
Polis Akademiyasında keçirilən bu tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Vəkillər Kollegiyasının, eləcə də respublikamızın digər dövlət qurumlarının nümayəndələri, ali təhsil və tədris müəssisələrinin müəllim heyəti, tələbələri və kursantları iştirak edərək, offlayn və onlayn formatda keçirilmiş bu tədbirə 150-dən artıq şəxs qoşulmuşdur. Tədbirin iştirakçıları sırasında həmçinin Mərkəzin prokurorları Məhərrəm Əzizbəyov və Ruslan Ağayev, habelə dövlət qulluqçuları Ziya Qasımlı və Emin Rəsulzadə olmuşlar.
Tədbirdən öncə konfrans iştirakçıları Polis Akademiyasında ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar, Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə ilk olaraq Akademiyanın rəisi Canpolad Daanov və Mərkəzin rəisi Mübariz Əhmədov açılış nitqi ilə çıxış edərək konfransın işinə uğurlar arzulayıblar. Sonra isə Heydər Əliyev adına Hərbi İnstitutun rektoru Fizuli Salahov, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi Baba Salayev, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov və DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi Elçin Məmmədli salamlama nitqi ilə çıxış ediblər.
Konfransda Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Bəhruz Məhərrəmov “Ulu öndərin yolu Zəfərin siyasi-hüquqi və ideoloji əsasıdır”, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor İradə Hüseynova “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini müvəqqəti icra edən Elşad Nəsirov “Azərbaycan Respublikasında demokratik seçki hüquq institutunun formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu”, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis vəzifəsini müvəqqəti icra edən, hüquq üzrə elmlər doktoru Mirəli Kazımov “Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində iqtisadi inkişafa aparan müasir vergi sistemi”, Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor İsaxan Vəliyev “Zəfərə gedən yol hüquqi müstəvidə” mövzularda çıxış ediblər.
Daha sonra Ulu öndər Heydər Əliyevin zəngin və çoxşaxəli həyat yoluna dair tədbir iştirakçılarının, kursant və tələbələrin təqdimatları dinlənilib, konfransın mövzusu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.