Elm-Tədris Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Gözlənilən mühakimə” adlı məhkəmə simulyasiyası keçirilib
26 oktyabr 2023-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının nəzdində yaradılan “Cinayət Hüququ Dərnəyi”nin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində Hüquq fakültəsinin təsis edilməsinin 95 illiyinə həsr olunan “Gözlənilən mühakimə” adlı məhkəmə simulyasiyası keçirilmişdir.
Tədbirdə hakim korpusunun nümayəndələri, Vəkillər Kollegiyasının üzvləri və hüquq mühafizə orqanlarının nümayəndələri qoşulmuşlar. “Azərbaycan Respublikası Baş Prokurorluğu və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında” imzalanmış memoranduma əsasən bu tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev və həmin şöbənin prokuroru Ruslan Ağayev, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyev iştirak etmişlər.
Simulyasiya çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan tələbələr cinayət işi üzrə məhkəmə prosesində olan hakim, prokuror, vəkil, şahid, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi rollarını canlandıraraq Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, habelə beynəlxalq qanunvericiliyin normalarına istinad etməklə Xocalı soyqırımının törədilməsində təqsirlənidirilən erməni terrorçunun qiyabi məhkəmə prosesini səhnələşdirmişlər.
Simulyasiya prosesi zamanı, Xocalı soyqırımına aid bir sıra real foto və video arxiv çəkilişlər nümayiş etdirilmiş, Ruanda və Yuqoslaviya tribunalı üzrə formalaşdırılmış məhkəmə təcrübəsinə istinadlar verilmişdir.