“Heydər Əliyev və Qanun” adlı hüquq müsabiqəsinin yekunu üzrə həyata keçirilmiş tədbirlər
Qeyd olunduğu kimi, 2023-cü il sentyabr ayının 25-də prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümünə həsr edilmiş hüquq ixtisası üzrə təhsil alan tələbələr üçün Baş Prokurorluqda “Heydər Əliyev və Qanun” adlı hüquq müsabiqəsi keçirmişdir.
Müsabiqənin məqsədi – görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev irsinin tədqiqi, Ulu Öndərin qanunvericilik sahəsində həyata keçirtdiyi tədbirlərin gənc nəsil tərəfindən öyrənilməsi, prokurorluq orqanları ilə ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olmuşdur.
Keçirilmiş maarifləndirici yarışmada Mərkəzin tərəfdaşları: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, “ADA” Universitetinin, Milli Aviasiya Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Dövlət Gömrük Komitəsi Akademiyasının tələbə və kursantları iştirak etmişlər.
Müsabiqə Mərkəz tərəfindən məxfilik rejiminə əməl olunmaqla hazırlanmış və məhz Ulu Öndərin rəhbərliyi dövründə qəbul edilmiş normativ aktları əhatə edən suallar əsasında keçirilmişdir.
Tədbiri Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzə fəlsəfə doktoru Nigar Qələndərli açıq elan etdikdən sonra Mərkəzin rəis müavini Talıb Cəfərov salamlama nitqi ilə çıxış etmişdir. Sonuncu iştirakçılara Ulu Öndərin hər zaman prokurorluq orqanlarına, onun əməkdaşlarına diqqət və qayğı ilə yanaşması, müasir prokurorluğun formalaşmasında əvəzedilməz rolu barədə geniş məlumat vermişdir.
Üç mərhələdən ibarət müsabiqənin yarımfinalına ali təhsil müəssisələrinin 5 tələbəsindən ibarət 8 komandası qoşulmuş, cavabların qiymətləndirilməsi həmin təhsil ocaqlarının nümayəndələrindən ibarət Münsiflər heyəti tərəfindən həyata keçirilmişdir. Müsabiqənin finalında iştirak hüququ əvvəlki mərhələdə yüksək bal toplamış 4 komanda qazanmışdır. Müsabiqənin kapitanlar konkursunda iştirak etmək imkanı bütün komandaların kapitanları üçün yaradılmışdır.
Maraqlı və rəqabət şəraitində keçirilmiş bu tədbir çərçivəsində iştirakçılar və azarkeşlər Milli Aviasiya Akademiyasının və Polis Akademiyasının istedadlı tələbələrinin ifasında vətənpərvər mahnıları dinləyiblər, əvvəlki müsabiqələrdən hazırlanmış, eləcə də Mərkəzin fəaliyyətini əks edən videoçarxları seyr ediblər və iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.
Əvvəlki məlumatda adları açıqlanmış müsabiqə qaliblərinə isə sertifikatlar və kuboklar prokurorluq işçilərinin peşə bayramı günü oktyabr ayının 1-də Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev tərəfindən təntənəli şəkildə təqdim olunmuşdur.
Tədbirin qalereyasına keçid vasitəsilə oxucuların diqqətinə müsabiqədən hazırlanmış videoçarx təqdim edilir.