Baş Prokurorluqda “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda geniş tərkibli konfrans keçirilib
Cəmiyyətin tərəqqisinin vacib amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formalaşması onun təhsil sistemi ilə təmin edilir. Azərbaycan qədim sivilizasiya, mədəniyyət ocağı kimi hələ tarixin lap dərin qatlarında özünün təhsil sistemini formalaşdırmışdır. Bu gün Ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətləri hesabına ölkəmiz geniş şaxələnmiş təhsil sisteminə, hüquq elmləri, bilikləri, təcrübəni nəsildən-nəslə ötürməyə əsas verən mükəmməl ali təhsil müəssisələri şəbəkəsinə malikdir.
Ulu Öndərin parlaq və çoxşaxəli fəaliyyəti Azərbaycan millətinin xatirəsinə həmişəlik həkk olunub, gördüyü qlobal işlər bəhrə verməkdə davam edir, vətəndaşlarımız, soydaşlarımız bundan faydalanır. Cari ilin “Heydər Əliyev İli” elan edilməsi bir daha keçmiş tarixə dönməyimizə, yada salmağımıza təkan verir, Ulu Öndərin gördüyü işlər barədə məlumatların gənc nəsillərə ötürülməsini vacib edir.
Bu səbəbdən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Mətbuat xidmətinin təşkilatçılığı ilə 2023-cü ilin iyun ayının 1-də Baş Prokurorluğun inzibati binalar kompleksində gənc hüquqşünaslar üçün keçirilmiş “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda konfransda dahi şəxsiyyətin əvəzolunmaz xidmətləri barədə çoxsaylı çıxışlar edilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı və Naxçıvan Dövlət Universitetlərinin, Milli Aviasiya Akademiyasının, “ADA” Universitetinin, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və digər tədris müəssisələrinin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Konfransa tanınmış ziyalıların, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, prokurorluğun veteranlarının və gənc prokurorluq işçilərinin qoşulması tədbiri daha da zəngin edib.
Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələrinin düzülməsi ilə başlanan konfransda ilk öncə Ulu Öndərin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan Baş Prokurorluğun idarə rəisi Elnur Musayev iştirakçıların diqqətinə tədbirin məqsəd və vəzifələrini çatdıraraq “Heydər Əliyev və Azərbaycanda müasir hüquqi dövlətin əsaslarının qurulması” mövzusunda çıxış edib.
Böyük maraqla Azərbaycan Respublikasının xalq yazıçısı, Yazıçılar Birliyinin birinci katibi, hüquq üzrə elmlər doktoru Çingiz Abdullayevin “Ulu öndər Heydər Əliyevin Azərbaycanda hüquq təhsilinin inkişafına olan misilsiz qayğısı” mövzusunda çıxışı qarşılanıb.
Daha sonra konfransda Baş Prokurorluğun idarə rəisi Mahir Abbasovun “Ulu öndər Heydər Əliyevin hüquq siyasəti cinayət-prosessual qanunvericiliyin kontekstində”, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin “Heydər Əliyevin parlamentarizmin formalaşmasında rolu”, BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Ulu öndər Heydər Əliyevin hüquq elminin və təhsilinin inkişafında müstəsna xidmətləri”, DİA-nın kafedra müdiri, hüquq üzrə elmlər doktoru, professor İsaxan Vəliyevin “Heydər Əliyevin azad sahibkarlıq strategiyası hüquq elminin tədqiqat obyekti kimi”, MAA-nın İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru Ayxan Rüstəmzadənin “Ümummilli lider Heydər Əliyevin elmin inkişafına dair siyasətinin təməl prinsiplərinin müasir dövrdə hüquqşünas alimlərin hazırlanmasında rolu”, “ADA” Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru Rəşad İbadovun “Müasir hüquq siyasətində Heydər Əliyevin yanaşması”, Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov “Ulu öndər Heydər Əliyevin Naxçıvan fəaliyyəti” mövzusunda çıxış və təqdimatları dinlənilib.
Konfrans zamanı mövzu ətrafında prokurorluğun veteranları, ixtisaslaşmış ali təhsil ocaqların nümayəndələri və tələbələr də maraqlı çıxışlar ediblər.
Sonda Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli film seyr edilib.