Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) “Şahid Dindirmə Müsabiqəsi”nin hazırlıq (təlim) və final mərhələləri
Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq onlarda hüquqi biliklərin artmasına, praktiki bacarıqlarının formalaşmasına töhfə verilməsi, eləcə də prokurorluq orqanları ilə hüquq ictimaiyyəti, ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən ardıcıl tədbirlər davam etməkdədir.
Belə ki, 22.10.2022-ci il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi tərəfindən təşkil olunan, dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan “Şahid Dindirmə Müsabiqəsinin” hazırlıq (təlim) mərhələsi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli iştirak etmişdir.
“Şahidi dindirmə prosesi” mövzusunda təşkil edilən təlimdə dinləyici qismində isə Azərbaycan Respublikasının müxtəlif universitetlərinin hüquq fakültələrində təhsil alan tələbələr iştirak etmişlər. Təlim zamanı Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin böyük prokuroru Çingiz Əli-zadə və Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Anar Mirkişiyev tərəfindən dinləyicilərə mühazirələr oxunmuş və onları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirin davamı olaraq, 05.11.2022-ci il tarixdə Elm-Tədris Mərkəzində ELSA tərəfindən təşkil olunan “Şahidi Dindirmə Müsabiqəsinin” final mərhələsi keçirilmişdir. Azərbaycan Respublikasının müxtəlif universitetlərinin hüquq fakültələrində təhsil alan tələbələrin iştirakı ilə keçirilən müsabiqənin ilkin və yarımfinal mərhələlərində qalib olmuş üç komanda müsabiqənin final mərhələsində iştirak etmişdir.
Müsabiqənin final mərhələsinə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin böyük prokuroru Çingiz Əli-zadə, İstintaq idarəsinin böyük prokuroru Anar Mirkişiyev və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı hakim qismində cəlb edilmiş və müsabiqə iştirakçılarının fəaliyyəti onlar tərəfindən qiymətləndirilmişdir. Əvvəlcədən hazırlanmış cinayət və cinayət-prosessual sahələr üzrə kazus əsasında iki nəfərdən ibarət müstəntiq qismində çıxış edən komandalarla xəyali şahid arasında cinayət işi üzrə həqiqətin üzə çıxarılması üçün əhəmiyyətli olan hallara dair məlumatların şahiddən alınması və cinayətin təsvirinin verilməsi məqsədi ilə həyata keçirilən dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan müsabiqənin sonunda qiymətləndirmə nəticəsində verilmiş yekun bala əsasən qalib komanda müəyyənləşdirilmişdir.
Tədbirin sonunda qalib komandanın üzvləri mükafatlandırılmış və onlara sertifikatlar verilmişdir. Eyni zamanda, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi tərəfindən müsabiqənin Baş Prokurorluqda keçirilməsinə köməklik və şərait yaratdığına görə Baş prokuror cənab Kamran Əliyevə təşəkkürnamə, habelə müsabiqəyə hakim qismində cəlb edilmiş Baş Prokurorluğun əməkdaşlarına sertifikatlar təqdim olunmuşdur.