Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində tələbələr arasında Hüquq viktorinası” adlı müsabiqə keçirilmişdir
Hüquqi biliklərin təbliği, gənc hüquqşünasların təhsilinə, onlarda hüquqşünaslıq ixtisası üzrə ilkin peşə vərdişlərinin formalaşdırılmasına töhfə verilməsi, eləcə də prokurorluq orqanları ilə hüquq ictimaiyyəti, ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Bu tədbirlərin davamı olaraq, cari ilin sentyabr ayının 29-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində hüquq fakültələrində təhsil alan tələbələr arasında “Hüquq viktorinası” adlı müsabiqə keçirilmişdir.
Müsabiqəyə iştirakçılar qismində Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının hüquqşünaslıq ıxtısası üzrə təhsıl alan tələbələri qoşulmuşlar.
Müsabiqənin ilk mərhələsində ali təhsil müəssisələrinin 5 tələbəsindən ibarət komandaları arasında olduqca maraqlı yarışma aparılmış, Konstitusiya, Cinayət və Cinayət-prosessual hüquq fənləri üzrə, habelə dünyagörüşünü müəyyənləşdirən mövzulara aid suallar kollektiv şəkildə məşvərət aparılmaqla cavablandırılmış və komandanı təmsil edən tələbələr tərəfindən səslənilmişdir. Müsabiqənin növbəti mərhələsində isə komandaların kapitanları arasında yarışma davam etdirilmişdir.
Sualların müəllifləri olan Mərkəzin ekspert qrupu və müsabiqəni izləməyə gəlmiş digər tələbə və müəllimlər də müsabiqədə aktiv iştirak etmişlər.
Cavabların qiymətləndirilməsi isə münsif heyətinin üzvləri kimi Mərkəzin rəis müavini Talıb Cəfərov, şöbə rəisi Nigar Qələndərli və müsabiqədə iştirak edən təhsil müəssisələrinin alimləri tərəfindən həyata keçirilmişdir.
Maraqlı və rəqabət şəraitində keçirilmiş müsabiqənin ilk mərhələsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yığma komandası, kapitanlar yarışması mərhələsində isə Bakı Dövlət Universitetinin tələbəsi Nərmin Sadıqova və Milli Aviasiya Akademiyasının tələbəsi İsmayıl Qənbərli qalib gəlmişlər.
Tədbir çərçivəsində Bakı Dövlət Universitetinin “Cinayət hüququ və Kriminologiya” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədova tərəfindən Baş Prokurorluğun kitabxanasına hüquq üzrə dərsliklər və nəşrlər ianə edilmişdir.