Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müraciəti əsasında Şərqdə ilk olaraq – Azərbaycanda ölüm hökmünün ləğv edilməsi ilə əlaqədar “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyi ilə birgə tədbir

İnsanpərvərlik dəyərlərinin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarına hörmət hər zaman Ümumilli lider Heydər Əliyevin dövlət siyasətinin qayəsini təşkil etmişdir. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin siyasətinin başlıca əsaslarından biri kimi humanizm ənənələrinin təməli qoyulmuş, əfvetmə və amnistiya institutları təşəkkül tapmış, ölüm cəzasının tətbiqinə moratorium qoyulmuşdur.
Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də isə ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Azərbaycan Respublikasının Milli Məclisinə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləmiş və 1998-ci il fevralın 10-da bu tarixi qərarı qəbul etmişdir. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür. Ulu öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirmişdir. Şərqdə ilk dəfə olaraq, ölüm cəzasının Azərbaycanda ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini, demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyini bir daha təsdiqləmişdir. Ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım olmuşdur.
Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi əhəmiyyətə malikdir. Vaxtaşırı əfv sərəncamlarının imzalanması ilə ölkəmizdə insan hüquq və azadlıqlarının dövlətin diqqət mərkəzində saxlandığı prioritet sahələrdən birinə çevrilmişdir.   
2022-ci ilin fevralın 3-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyi ilə birgə ölüm hökmünün ləğv edilməsinin 24-cü il dönümünə həsr edilmiş tədbir keçirilmişdir.

 

 

Tədbirdə ictimai birliyin sədri Seyfulla Aslanov tərəfindən “Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzasının ləğvi Ümummilli lider Heydər Əliyev humanizminin təntənəsidir”, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis mavini Günay Əyyubova tərəfindən “Ölüm hökmünün ləğv edilməsi ilə bağlı beynəlxalq sənədlər və öhdəliklər”, Dövlət ittihamının müdafiəsi üzrə idarədə şöbənin böyük prokuroru Ayxan Hüseyinli tərəfindən “Humanizm prinsipi Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarının başlıca əsaslarından biri kimi” və digər mövzularda çıxışlar edilmiş, ətraflı müzakirələr aparılmışdır. Tədbir çərçivəsində digər natiqlərlə yanaşı, Mərkəzin şöbə rəisi Talıb Cəfərov öz təcrübəsindən irəli gələn hadisələrə istinad edərək çıxış etmişdir.