“ADA” Universiteti və Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında birgə əməkdaşlıq haqqında memorandum
Müasir dövrün tələblərindən irəli gələrək prokurorluq orqanlarının prioritet fəaliyyət istiqamətlərindən olan peşə hazırlığının və tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi, ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir.
Qeyd olunanlarla bağlı ölkəmizin aparıcı ali təhsil müəssisələrindən olan “ADA” Universiteti ilə səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi xüsusi önəm kəsb edir.
12.05.2022-ci il tarixdə “ADA” Universitetinin Hüquq Proqramının direktoru Rəşad İbadovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olmuşdur. Qonaqlar Baş Prokurorluğun yeni inzibati binalar kompleksi, o cümlədən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, mühazirə zalı, praktiki və fakültativ məşğələlər auditoriyaları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olmuşlar. Eyni zamanda, tədbir çərçivəsində “Baş Prokurorluğun Elektron Kitabxanası” və “Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sistemlərinin, “Distant Tədris” platformasının və Mərkəzin əməkdaşları tərəfindən idarə olunan digər informasiya texnologiyalarının təqdimatı da həyata keçirilmişdir.
Tədbirin nəticələrinə uyğun olaraq, “ADA” Universiteti və Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bu Memorandum hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və müəllimlərin Baş Prokurorluğun struktur bölmələrində və tabe prokurorluqlarda təcrübə keçməsi, birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin və mətbu nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması və sair məsələlər üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edir.