“İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfrans
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən kompleksində 2021-ci ilin dekabr ayının 6-da keçirilmiş “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Talıb Cəfərov iştirak etmişdir.
Konfrans AMEA İqtisadiyyat İnstitutu və ADA Universiteti ilə birgə təşkil olunaraq, tədbirə Milli Məclisin deputatları, dövlət qurumlarının və ali təhsil müəssisələrinin vəzifəli şəxsləri ilə yanaşı, aparıcı elm-təhsil müəssisələrinin nümayəndələri də dəvət edilmislər. Konfransın məqsədi – Azərbaycanın post-konflikt ərazilərində iqtisadi potensialın qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin seçilməsi olmuşdur.
AMEA İqtisadiyyat İnstitutunun Baş direktoru, professor Nazim İmanov konfransı açıq elan etdikdən sonra konfrans iştirakçılarına Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov işğaldan azad olunmuş ərazilərin iqtisadi inkişafı istiqamətində dövlətimiz tərəfindən artıq görülmüş və planlaşdırılmış tədbirlərdən geniş məlumat vermiş, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonda tətbiq edilən innovativ işlərdən xəbər vermiş, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəhbəri Mirəli Kazımov isə bu sahədə görülmüş tədris tədbirləri diqqətə çatdırmışdır. Həmçinin tədbirin mövzusu ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi, AMEA-nın birinci vitse-prezidenti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru və digər vəzifəli şəxslər çıxış etmişlər.
İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanlarına xidmət edəcək fikirlər və təkliflər ətrafında müzakirələr aparılmış, konfransın nəticələrinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sifarişi ilə yerinə yetirilən kompleks tədqiqatda istifadə olunması qərara alınmışdır.