“Yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda konfrans
10.06.2021-ci il tarixdə Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dəstəyi ilə “Yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda Zoom proqramı vasitəsilə birgə təşkil edilən elmi video-konfransda iştirak etmişdir.
Hüquq elmi sahəsində görkəmli alimlərin, millət vəkillərinin, akademiya rəislərinin, ictimai xadimlərin, görkəmli hüquqşünasların təmsil olunduğu bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, hüquq üzrə elmlər doktoru, professor Ziyafət Əsgərov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, millət vəkilləri Qüdrət Həsənquliyev və Jalə Əliyeva, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, professor Qulu Novruzov, Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən, hüquq üzrə fəlsəfə doktoru Elçin Xələfov və digər həmkarlar çıxış etmişlər.
Konfransda Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov “Müasir çağırışlara cavab verən kadr korpusunun formalaşdırılması prokurorluqda aparılan ardıcıl islahatların başlıca hədəflərindən biri kimi” mövzusunda məruzə ilə çıxış edərək, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat vermişdir. Məruzəçi prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədi ilə ölkəmizin aparıcı elmi və təhsil, eləcə də bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin müvafiq elmi qurumları, tədris müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə birgə tədqiqatların aparılması, dinləyici və təlimçilərin mübadiləsi, mütəxəssis hazırlığı və digər sahələrdə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün atılan əməli addımlar barədə konfrans iştirakçılarını ətraflı məlumatlandırmışdır.