Mərkəzin rəhbərliyi “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda iştirak edib

2026-cı il aprelin 30-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gülüstan sarayında “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və digər dövlət qurumlarının nümayəndələri çıxış edərək ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, habelə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüblər.
Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev və Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli iştirak ediblər.
Eyni zamanda konfransda prokurorluq orqanlarının digər struktur qurumların əməkdaşları iştirak ediblər.

Konfrans çərçivəsində ailə dəyərlərinin təşviqi, gender bərabərliyinin təmin olunması, uşaqların hərtərəfli inkişafı və bu sahələrdə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.