Səbuhi Şahverdiyev Ədalət mühakiməsi hüququ kitabın təqdimatında iştirak etmişdir

2026-cı il martın 6-da Bakı Apellyasiya Məhkəməsində “Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaitinin təqdimat mərasimi təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev də iştirak etmişdir.
Dərs vəsaiti Azərbaycanda ədalət mühakiməsinin müxtəlif nəzəri və praktik aspektlərinin araşdırılmasına həsr edilib. Kitabda ədalət mühakiməsinin mahiyyəti, son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, bu sahədə informasiya texnologiyalarının inkişafı, rəqəmsallaşma və süni intellekt sistemlərinin tətbiqi perspektivləri kimi mövzular əhatə olunub.
Bununla yanaşı, nəşrdə ədalətli məhkəmə araşdırması hüququnun ümumi və xüsusi institusional və prosessual təminatları, Azərbaycan Respublikasının məhkəmə sistemi, hakimlərin və məhkəmə prosesinin digər iştirakçılarının hüquqi statusu, eləcə də Məhkəmə-Hüquq Şurasının statusu və fəaliyyət istiqamətləri geniş şəkildə izah edilib.

Qeyd olunan dərs vəsaiti yalnız tələbələr üçün deyil, eyni zamanda hakimlər, vəkillər, hüquq-mühafizə orqanlarının əməkdaşları, tədqiqatçılar və bu sahə ilə maraqlanan digər şəxslər üçün də faydalı mənbə kimi nəzərdə tutulub.