Beynəlxalq Qadınlar Gününə həsr olunmuş simpoziumda Mərkəzin şöbə rəisi Nigar Qələndərli iştirak etmişdir
6 mart 2026-cı il tarixində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə UNEC Xanım Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə simpozium keçirilmişdir.
Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli, universitetin əməkdaşları, qadın sahibkarlar, xanım hüquqşünaslar və digər qonaqlar iştirak etmişlər.
Simpoziumda qadınların cəmiyyətin müxtəlif sahələrində rolu, onların elmi, iqtisadi və hüquqi fəaliyyətlərdə artan iştirakçılığı, eləcə də qadın sahibkarlığının inkişaf perspektivləri müzakirə olunmuşdur.
Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin tələbələri tərəfindən qadınlara həsr olunmuş şeirlər səsləndirilmişdir.
Simpozium çərçivəsində “Odlar Yurdunun Yeddi Portreti” kitabında bəhs olunan 32 qadın sahibkarın antropoloji rəsmləri, UNEC Dizayn Məktəbinin tələbələrinin rəsm əsərləri, həmçinin Kitabxana İnformasiya Mərkəzinin kitabları nümayiş etdirilmişdir.
Sonda iştirakçılar arasında müzakirələr aparılmış və ünvanlanan suallar cavablandırılmışdır.

