Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 24 noyabr 2022-ci il tarixli iclası
Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçən Elmi-Məsləhət Şurasının iclasında ölkəmizin müvafiq dövlət orqanlarının nümayəndələri ilə yanaşı, ölkəmizin aparıcı ali təhsil müəssisələri, akademiyaları, elm ocaqlarını təmsil edən görkəmi hüquqşünaslar və media nümayəndələri iştirak etmişlər.
Elmi-Məsləhət Şurasının gündəliyi Şuranın katibi Nigar Qələndərli tərəfindən elan edildikdən sonra, iclası açan Baş prokuror əvvəlki iclasdan keçən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında, hüquqi dövlət quruculuğunda baş vermiş əhəmiyyətli hadisələr haqqında məlumat vermişdir. Bildirilmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin bərpası, mühüm infrastruktur obyektlərinin istifadəyə verilməsi istiqamətində mühüm layihələr icra edilmiş, Zəngilan rayonu Ağalı qəsəbəsinə vətəndaşlarımızın köçməsi ilə Qarabağa böyük qayıdışın təməli qoyulmuş, Şərqi Zəngəzurun iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq Zəngilan beynəlxalq hava limanının təntənəli açılışı olmuş, birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə təhsil, sosial, incəsənət və digər sahələri əhatə edən irimiqyaslı tədbirlər həyata keçirilmişdir.
Keçən müddət ərzində ölkəmizin hüquq ictimaiyyəti və hüquq sistemimizin inkişafı baxımından mühüm hadisə kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 may 2022-ci il tarixli fərmanı ilə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsinin təsis edilməsi xüsusi qeyd edilmişdir.
Daha sonra Şuranın sədri Kamran Əliyev Şura üzvlüyünə yeni qəbul edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”-nin icraçı direktoru Samir Mahmudovu və Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədr müavini, 20 saylı Vəkil bürosunun rəhbəri İlhamə Həsənovanı təqdim etmişdir.
İclasa dəvət edilmiş Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev “Hüquq mühafizə orqanlarının fəaliyyətində Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsinin (CPT) standartları” mövzusunda çıxış etmişdir.
Tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış “Prokurorluq orqanlarında peşə hazırlığı metodik vəsait” Mərkəzin rəis müavini Talıb Cəfərov, “Media üçün 555 sual və cavab” adlı əyani vəsait Mərkəzin böyük prokuroru İradə Xəlilova, “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” Mərkəzin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Rəşad Qasımov tərəfindən ictimaiyyətə təqdim edilmişdir.
İclas çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin veb-saytının rəsmi təqdimatı isə Talıb Cəfərovla yanaşı, Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun müdiri Oqtay Mirzəyev tərəfindən keçirilmişdir.
Bundan əlavə, hazırlanmasında və rəy verilməsində Mərkəzin iştirakı olmuş “Dövlət qurumlarının Mətbuat xidmətlərinin media ilə qarşılıqlı əlaqələri üzrə” Metodiki tövsiyə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Mələk Əliyeva, “Kibercinayətlərin istintaqına dair” Metodiki vəsait Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük-prokuror metodisti Qədir Məmmədov, “Maraqlar toqquşması” adlı Metodiki vəsait isə Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Nicat Nağıyev tərəfindən Elmi-Məsləhət Şurasının üzvlərinə təqdim edilmişdir.
Həmçinin, iclasda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr arasında Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində 2022-ci ilin sentyabr ayının 29-da keçirilmiş “Hüquq viktorinası” adlı müsabiqənin qaliblərinə Mərkəzin rəisi Mübariz Əhmədov tərəfindən sertifikatlar təqdim edilmişdir.
İclasın yekun mərhələsində gündəlikdə duran məsələlər, o cümlədən müxtəlif hüquqi məsələləri özündə ehtiva edən mövzular üzrə Elmi-Məsləhət Şurasının üzvləri tərəfindən geniş müzakirələr aparılmışdır.