ŞURANIN FƏALİYYƏTİ

“Müasir dövlət qulluğunda innovasiyalar və təcrübələr” adlı konfrans

Prokurorluq orqanlarının əsas prioritet istiqamətlərindən biri kimi dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, innovasiya və təcrübədən yararlanması üçün mövcud münasibətlərin inkişaf etdirilməsinə yönələn kompleks işlər görülür.
“23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin təşkilatçılığı ilə 17.06.2022-ci il tarixdə “Müasir dövlət qulluğunda innovasiyalar və təcrübələr” adlı konfrans keçirilib.

Konfransın məqsədi dövlət qulluqçuların yüksək mənəvi dəyərləri və xidməti fəaliyyətinin yüksəldilməsi, dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi istiqamətində  görülən işlər və təkliflərin dinlənilməsi olmuşdur.
Konfransda iştirak edən Anti-korrupsiya Təlim  Mərkəzinin rəhbəri Kamal Cəfərov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin  şöbə rəisi Talıb Cəfərov,  Anti-korrupsiya Təlim  Mərkəzinin katibi Nigar Qələndərli dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, innovativ metodların tətbiqi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması kimi mühüm məsələlər üzrə dinləyicilərə ətraflı məlumat vermişlər.
Konfrans zamanı, Mətbuat Xidmətinin məsləhətçisi Aynurə Əliyeva “Dövlət qulluqçusunun məsuliyyəti”, həmçinin Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin baş məsləhətçisi Şahxanım Ağayeva “Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin yüksəldilməsi”, Elm-Tədris Mərkəzinin  baş məsləhətçisi  İlkanə Qasımova “Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi”, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin baş məsləhətçisi Aydan Nurəlizadə “Dövlət qulluğunun inkişaf prinsipləri”, Maddi-texniki təminat şöbəsinin aparıcı məsləhətçisi  Ay Sənəm Müslümova “Dövlət qulluğuna qəbul edilmək hüququ və qulluğa qəbul” və Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin baş məsləhətçisi  Yaqut Şövkətova “Dövlət qulluqçuların sosial təminatın yüksəldilməsi” mövzularında çıxışlar edib.

Konfransın sonunda maraq doğuran suallar təlimçilər tərəfindən cavablandırılıb, eləcə də dinləyicilər arasında faydalı fikir mübadiləsi aparılıb və konfrans iştirakçılarına təşəkkürnamə təqdim edilib.