ŞURANIN FƏALİYYƏTİ

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilmişdir

17 sentyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.
İclası giriş nitqi ilə açan Baş prokuror, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində ölkəmizin siyasi və iqtisadi qüdrətinin daha da möhkəmləndiyini, beynəlxalq nüfuzunun yüksəldiyini bildirib.
Baş prokuror Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, dövlət və milli maraqların etibarlı müdafiəsinin, qanunun aliliyinin təmin edilməsinin, insan hüquq və azadlıqlarının qorunmasının, cinayətkarlığa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasının mühüm vəzifələr sırasında olduğunu diqqətə çatdırıb.
Müasir çağırışların qanunvericiliyin və hüquq tətbiqetmə təcrübəsinin davamlı təkmilləşdirilməsini zəruri etdiyini bildirən Kamran Əliyev Elmi-Məsləhət Şurasının dövlət qurumlarının, hüquq ictimaiyyətinin, elm və təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirən mühüm elmi-praktiki platforma olduğunu, burada aparılan müzakirələrin aktual hüquqi məsələlər üzrə əsaslandırılmış yanaşma və təkliflərin formalaşdırılmasına mühüm töhfə verdiyini qeyd edib.
İclasda Elmi-Məsləhət Şurasının katibi, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli Şuranın fəaliyyəti və görülmüş işlər barədə məlumat verib, müzakirəyə çıxarılan aktual hüquqi məsələlərin qanunvericiliyin təkmilləşdirilməsi və hüquq tətbiqetmə təcrübəsində mövcud problemlərin həlli baxımından əhəmiyyətini vurğulayıb, həmin məsələlərin müzakirəsi ilə bağlı ətraflı məlumat təqdim edib.
İclasda cinayət qanunvericiliyində gəlir anlayışının və cinayət nəticəsində əldə edilmiş gəlirin hesablanması meyarlarının müəyyən edilməsi, məhkəmə ekspertizası sahəsində mövcud problemlər və onların həlli yolları, vergi yoxlaması nəticəsində qəbul edilmiş inzibati qərarın qüvvəyə minməsi və həmin qərarlardan şikayət verilməsi ilə bağlı prosessual müddətlərin hüquqi tənzimlənməsi, dövlətin konstitusiya quruluşuna, milli-mənəvi dəyərlərinə və ərazi bütövlüyünə qarşı yönəlmiş əməllərə görə cinayət məsuliyyətinin müəyyən edilməsi, eləcə də xüsusi müsadirə cinayət-hüquqi tədbirinin icrası prosesində mövcud problemlər və onların həlli istiqamətləri kimi aktual məsələlər müzakirə olunub.
Gündəlikdə yer alan məsələlər Şura üzvləri tərəfindən geniş müzakirə edilib, hüquq tətbiqetmə təcrübəsində qarşıya çıxan problemlər, onların həlli yolları, qanunvericiliyin təkmilləşdirilməsi və vahid hüquqi yanaşmaların formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb, konkret təklif və tövsiyələr səsləndirilib.
İclas çərçivəsində “Antikorrupsiya komplayens (uyğunluq) funksiyası”, “Cinayət işlərinin ibtidai istintaqında rəqəmsal kriminalistikanın tətbiqi imkanları”, habelə “2024–2025-ci illərdə baş vermiş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması hadisələri üzrə daxili işlər orqanlarında istintaq edilmiş cinayət faktlarının təhlilinə dair” metodiki vəsaitlərin təqdimatı keçirilib.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev müzakirə olunan məsələlərin aktuallığını və praktiki əhəmiyyətini vurğulayıb, irəli sürülmüş təkliflərin ətraflı öyrənilməsinin, hüquq tətbiqetmə təcrübəsində mövcud problemlərin aradan qaldırılması və zəruri hallarda qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Sonda Baş prokuror Şura üzvlərinə və iclasa dəvət olunmuş şəxslərə səmərəli müzakirələrə və Elmi-Məsləhət Şurasının fəaliyyətinə verdikləri töhfəyə görə təşəkkür edib.