Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında peşə səhlənkarlığı, qara mühasibatlıq və digər aktual məsələlər müzakirə edilib
2025-ci ilin mart ayının 13-də hüquq üzrə tanınmış simalarla təmsil olunan Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.
İclası açıq elan edən Baş prokuror Kamran Əliyev vurğulayıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrin təkmilləşdirilməsinə istiqamətləndirilmiş geniş miqyaslı islahatedici tədbirlər ölkə qanunvericiliyinin müasir tələblərə cavab verməsini mütləq edir.
Çıxışda qeyd edilib ki, bunun üçün ilk növbədə hüquq-mühafizə sahəsində fəaliyyət göstərən dövlət məmurları təcrübədə rastlaşdıqları hüquqi problemləri dəridən təhlil etməli, onların optimal həlli yollarını müəyyən etməli və hüquq ictimaiyyətin müzakirəsinə çıxarmalıdırlar.
Məhz bu məqsədlərə xidmət edən Baş prokuror yanında Elmi-Məsləhət Şurasının hazırkı iclasında “Peşə səhlənkarlığına görə cinayət məsuliyyətinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə dəyişiklik edilməsi” mövzusunda Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyevin, “Vergi və “qara mühasibatlıq” sənədlərinin ekspertizası: istintaq və ekspertiza orqanları arasında yaranan fikir ayrılıqları və ziddiyyətlər” mövzusunda Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzovun və “Mili və xarici valyutadan istifadə etməklə törədilən müxtəlif kateqoriya cinayətlər üzrə pul vəsaitlərinin cinayətin alət və vasitəsi kimi qiymətləndirilməsində problemlər” mövzusunda Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyevin çıxışları dinlənilib.
Qeyd olunan məsələlər və hüquqi problemlər ətrafında xeyli müzakirələr aparılaraq həlli yolları üzrə səmərəli təkliflər irəli sürülüb.
İclas çərçivəsində həmçinin Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış “Milli və beynəlxalq qanunvericiliyin kontekstində: etik davranış qaydaları və şəxsi həyat anlayışı” adlı məcmuənin, eləcə də Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi ilə birgə hazırlanmış “Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlinin cinayət-hüquqi xarakteristikası və istintaq təcrübəsi” adlı metodiki vəsaitin təqdimatları Mərkəzin böyük prokuroru İradə Xəlilova və şöbə prokuroru Rəşad Qasımov tərəfindən keçirilıb.
Təqdimatları keçirilmiş vəsaitlər maraqla qarşılanıb.