Elmi-Məsləhət Şurasının 11-ci iclası elmi-praktiki konfrans formatında keçirilib
Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının 11-ci iclası 2024-cü ilin iyun ayının 24-də Xankəndi şəhərində “Ətraf mühitinin gücləndirilməsində maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktiki konfrans formatında keçirilib.
Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən tədbirdə Şura üzvləri ilə yanaşı, müxtəlif dövlət orqanlarının əməkdaşları, ali və ixtisaslaşmış təhsil ocaqlarını təmsil edən görkəmli hüquqşünaslar, habelə media nümayəndələri iştirak edib.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçılarını salamlayan Elmi-Məsləhət Şurasının sədri, Baş prokuror Kamran Əliyev bildirib ki, “Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı. 2023-cü ilin sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etməsi bir daha sübut etdi ki, ölkəmiz qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik rəhbəri – Ali Baş Komandanı vardır”.
Kamran Əliyev deyib ki, “İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi. Bu tarixi dəyişikliyin dərk olunması üçün çox vaxt tələb olunacaq, bəlkə də tamlığı ilə qəbul olunması zəfərlə yoğurulmuş yeni nəsilə nəsib olacaq”.
Ölkəmizin qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmadığını vurğulayan Baş prokuror qeyd edib ki, “Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir”.
Daha sonra çıxışında Şura sədri qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. “Prokurorluq olaraq biz də bu reallıqlara uyğun fəaliyyət göstərməliyik. Azərbaycan Respublikası Baş Prokurorluğunda və yerlərdə ekoloji hüquqpozmalara qarşı mübarizə, maarifləndirmə və həmin qəbildən pozuntuların qarşısının alınması məqsədilə dərin ixtisaslaşma işi aparılıb. 2020-ci ildə təsis olunan Cinayət təqibindən kənar icraatlar idarəsi və yerlərdə həmin sahəyə cavabdeh olan rayon prokurorlarının köməkçiləri tərəfindən bu günədək 701 cinayət xarakterli məlumat araşdırılıb, 407 cinayət işi başlanılıb. 4.193.168 (dörd milyon yüz doxsan üç min yaz altmış səkkiz) manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi təmin edilib. Ümumilikdə, inzibati xəta haqqında işlər üzrə başlanılmış icraatlardan 418-i fiziki, 530-u vəzifəli, 84-ü hüquqi şəxslər barəsində olub. Bunların əhəmiyyətli hissəsi ekoloji pozuntularla bağlı olub. Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Qanununun tələblərinə əsasən, idarə tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə 229 təqdimat və qanun pozuntularından çəkindirmək məqsədilə 197 rəsmi xəbərdarlıq edilib.
Qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması və dəymiş ziyanın ödənilməsi ilə yanaşı Baş Prokurorluq tərəfindən maarifləndirici, qabaqlayıcı və bərpaedici effekt daşıyan ECOLEAD platforması formalaşdırılır. Biz bu layihəni Azərbaycan Respublikasının Ekologiya Və Təbii Sərvətlər Nazirliyi, Bakı Dövlət Universiteti və bu sahədə fəal olan qeyri-hökumət təşkilatları ilə qururuq. ECOLEAD platformasının məqsədi maarifləndirmə və hüquq mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi, ətraf mühitin mühafizəsi sahəsində mütəxəssislərin əlaqələndirilməsi, bu sahələrdə mövcud təcrübəni bölüşməklə çoxtərəfli münasibətlərin səmərəli təşkil edilməsi və inkişafının təşviqi, ətraf mühitin əleyhinə qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə pozuntuların qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir”.
Salamlama nitqi ilə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərində əhalinin öz yurdlarına qayıtması, regionun inkişafı, ətraf mühitin qorunması sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Həmçinin konfransda Elmi-Məsləhət Şurasının üzvləri olan Milli Məclisin deputatı Kamal Cəfərov və Milli Aviasiya Akademiyasının fakültə dekanı Ayxan Rüstəmzadə, habelə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri, Bakı Dövlət və Qarabağ Universitetlərinin rektorları, Ankara Universitetinin fakültə dekanı, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri çıxış ediblər.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tədbir iştirakçılarına ətraf mühitin mühafizəsi sahəsində prokurorluq tərəfindən görülmüş işlər barədə məlumatlandırıb, həmin idarənin böyük prokuroru Zamir Paşayev isə “Azərbaycan Respublikası ərazisində ağackəsmə cinayətləri və inzibati xətaların araşdırılmasının xüsusiyyətləri ilə əlaqədar” metodik vəsaitin təqdimatını edib.
Konfrans çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” adlı vəsaitin təqdimatını edən Mərkəzin rəis müavini Talıb Cəfərovun çıxışı böyük maraqla qarşılanıb və daha sonra vəsaitə dair səmərəli müzakirələr aparılıb.
Tədbir gedişatında “Azərbaycan Respublikasında ekoloji siyasət” və “Azərbaycan Respublikasında ekoloji hüquqpozmalara qarşı mübarizə” adlı videoçarxlar nümayiş etdirilib.
Həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, habelə Bakı Dövlət Universiteti arasında ECOLEAD layihəsinə dair Anlaşma Memorandumu imzalanıb və media nümayəndələrinin sualları cavablandırılıb.
Tədbirin sonunda isə müvafiq əmrlərə əsasən Baş prokuror Kamran Əliyev Qarabağ və Şərqi Zəngəzur bölgəsində çalışan prokurorluq əməkdaşlarını müxtəlif həvəsləndirmə tədbirləri ilə təltif edib.