Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının 29.02.2024-cü il tarixli iclasında səslənən təkliflərin icrası istiqamətində tədbir keçirilib
Gənclər arasında narkomaniyanın qarşısının alınmasının, bu sahədə tələbələrin maarifləndirilməsinin vacibliyi nəzərə alınaraq, 25 aprel 2024-cü il tarixində Baş Prokurorluğun əməkdaşları tərəfindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında “Narkomaniyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib.
Tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli, DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokurorları İlkin Qulubəyli və Hüseyn Hüseynov, Milli Aviasiya Akademiyasının professor-müəllim heyəti, eləcə də 300 tələbəsi iştirak edib.
Seminarda prokurorluq orqanlarının əməkdaşları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri, narkomaniyanın dəf edilməsində dövlət və hüquq-mühafizə orqanların vəzifələri, bu sahədə qəbul edilmiş qanunvericilik aktları barədə ətraflı məlumat verilib. Həmçinin, təbliğat və maarifləndirmə işinin genişləndirilməsi, narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin gücləndirilməsinin vacibliyi xüsusilə vurğulanıb.
Keçirilən tədbir gənclər tərəfindən fəallıqla qarşılanıb, seminarın iştirakçıları natiqlərin çıxışlarına böyük maraq göstərib, təlimçilərlə ünsiyyətdə aktiv olublar. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edilməlidir ki, mahiyyət etibarı ilə bu seminar Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının 29.02.2024-cü il tarixli iclasında səslənən təkliflərin icrası istiqamətində həyata keçirilən tədbirdir.